Proqramlaşdırma haqqında
Proqram təminatı kompüteri istifadəyə yararlı hala gətirən əsas şeydir. Proqram təminatı olmadığı təqdirdə ən güclü kompüteri belə heç bir işə yaramayan dəmir parçası adlandırmaq olar.
Yəqin ki, kompüterlərin çox çətin hesablamaları icra etdiyini haradasa eşitmisiniz. Əslində kompüterlər onlara verilmiş çətin bir tapşırığı olduğu kimi başa düşmür və addım-addım, sadə əməliyyatlar vasitəsilə hesablamalar aparırlar.
Təsəvvür edin ki, müəyyən bir sürətlə müəyyən vaxt ərzində uzun yol qət etmisiniz. Burada məsafə və vaxt sizə məlumdur, sürət isə məlum deyil. Kompüterlər özləri vaxtın, sürətin və məsafənin nə olduğunu başa düşmür. Buna görə də, kompüterə bu kəmiyyətlərin nə olduğunu izah etməlisiniz ki, sizin üçün hesablamaları apara bilsin.
1) Məsafəni rəqəmlər vasitəsilə qeyd etmək olar; 2) Vaxtı rəqəmlər vasitəsilə qeyd etmək olar; 3)Məsafəni göstərən rəqəmləri vaxtı göstərən rəqəmlərə bölsək, sürəti göstərən rəqəmləri yaddaşda saxlaya bilərik; 4)Son addım olaraq isə istifadəçiyə əldə etdiyimiz sürəti göstərən rəqəmləri ekrana çıxarmaq lazım olacaq.
Bu addımlar məqsədimizə çatmaq üçün yazacağımız proqram təminatının alqoritmi adlandırıla bilər.
Əlbəttə ki, kompüter sözləri bizim oxuduğumuz formada başa düşməyəcək, bu səbəbdən yazdığımız sözləri kompüterə özünün başa düşə biləcəyi proqramlaşdırma dilində yazmalıyıq.
Kompüteri yaxşı təlim keçmiş bir itə bənzətmək mümkündür. O, yalnız özünün başa düşdüyü əmrləri icra edə bilir. Məsələn, bu iki rəqəmi götür, birincini ikinciyə böl, cavabı ekrana yaz. İcra edə bildiyi əmrlərin siyahısı IL (Instruction List) adlanır.
Kompüterlərin başa düşdüyü dil insanlar tərəfindən yazılmışdır. Hal-hazırda kompüterlər özləri yeni dil yaratmağa qadir deyillər, lakin inkişaf edən texnologiyalar vasitəsilə gələcəkdə bu hal dəyişə bilər. İnsanlar kimi kompüterlər də bir neçə dildən istifadə edə bilirlər. Bu dillərdən biri python-dur. İnsanların istifadə etdiyi dillər təbii dillər adlanır (natural languages).
Last updated